Nizami Kino Mərkəzində "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin təqdimatı olub.
"Tehsil365" xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, "Harmony of Chaos" animasiya və vizualizasiya studiyası və "BBQ Marketing and Events" Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmi tamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparır.
"Harmony of Chaos" animasiya və vizualizasiya studiyasının rəhbəri, "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov çıxışında layihə barədə məlumat verib. Bildirilib ki, layihə bir neçə hissədən ibarət olacaq və hər hissədə qəhrəmanlar ölkəmizin tarixini, mədəniyyətini və irsini kəşf edəcəklər.
Sonra animasiya filminin hazırlanma prosesini və maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
"Şamaxı macəraları" adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək, Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.

