"Daily Mirror" nəşrinin yazdığına görə, barmaq uclarının qalınlaşması ağciyər xərçənginə işarə edə bilər.
“Tehsil365” xəbər verir ki, Britaniya vətəndaşı Brayan Hemmellin ağciyər xərçəngi uzun müddət klassik simptomlarla özünü göstərməyib. Xəstəliyin yeganə ilkin əlaməti onun diaqnozdan xeyli əvvəl fərq etdiyi barmaqların formasında dəyişiklik olub.
Onun sözlərinə görə, xəstəliyin erkən əlaməti “baraban çubuqları” adlanan hal – barmaq uclarının qalınlaşması və dırnaqların formasının dəyişməsi olub. Bu simptom tibbdə xroniki ağciyər xəstəliklərinin əlaməti kimi tanınır və bəzən xərçənglə də əlaqəli ola bilər.
Hemmell bildirib ki, bu dəyişikliyi sadə üsulla yoxlamaq mümkündür: iki barmağı bir-birinə elə toxundurmaq lazımdır ki, onlar bütün uzunluğu boyunca təmasda olsun və dırnaqlar üz-üzə gəlsin. Normalda dırnaqların təbii əyriliyinə görə arada kiçik boşluq – sanki “romb” və ya “pəncərə” yaranır. Əgər bu boşluq yoxdursa, bu, toxumalarda patoloji dəyişikliklərə işarə edə bilər.
Həkimlər təsdiqləyirlər ki, bu cür əlamət həqiqətən müşahidə olunur, lakin onun spesifik olmadığını və mütləq tibbi müayinə tələb etdiyini vurğulayırlar. Terapevt Helen Pirsinin sözlərinə görə, xəstəliyin daha yayılmış əlamətlərinə 3 həftədən çox davam edən öskürək, nəfəs darlığı, xırıltılı nəfəsalma, tez-tez tənəffüs yolu infeksiyaları, sinə və ya çiyin ağrısı, həmçinin bəlğəmdə qan görünməsi daxildir.
Əlavə simptomlar arasında xroniki yorğunluq, səs batıqlığı və üz və ya boyunda şişkinlik də qeyd olunur. Mütəxəssislər bildirirlər ki, bu cür davamlı dəyişiklikləri nəzərə almamaq olmaz və şübhəli əlamətlər yarandıqda vaxtında həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz ağciyər xərçənginin uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artırır.

