Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Alman dilləri fakültəsi nəzdində fəaliyyət göstərən Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərovanın təşkilatçılığı ilə universitetin Təbriz korpusunun həyətyanı sahəsində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “Bir gül, bir gələcək” adlı aksiya keçirilib. Məqsəd tələbələr arasında ekoloji şüurun artırılması, ətraf mühitin qorunmasına diqqətin yönəldilməsi və dayanıqlı inkişaf ideyalarının təşviqi olub.
“Tehsil365” xəbər verir ki, aksiyada İngilis və Alman dilləri fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent N. Camalzadə, dekan müavinləri, Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent S. Zamanova, həmçinin Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının əməkdaşları iştirak ediblər.
“Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr tərəfindən universitet ərazisində qızılgül kolları əkilib. Bununla tələbələr həm ərazinin abadlaşdırılmasına töhfə verib, həm də təbiətə qayğının vacibliyini praktik şəkildə nümayiş etdiriblər.
Tədbir çərçivəsində çıxış edənlər Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, bu kimi təşəbbüslər gənclərdə sosial məsuliyyət hissinin formalaşmasına, onların ekoloji məsələlərə daha həssas yanaşmasına mühüm təsir göstərir.
Bildirilib ki, tələbələr tərəfindən böyük maraq və yüksək fəallıqla qarşılanıb. Onların təşəbbüskarlığı, könüllü şəkildə prosesə qoşulmaları və komanda şəklində işləmək bacarıqları xüsusi diqqət çəkib. Onlar yalnız qızılgül kollarının əkilməsi ilə kifayətlənməyərək, ətraf mühitin qorunması, yaşıllaşdırma işlərinin genişləndirilməsi və ekoloji tarazlığın saxlanılması ilə bağlı fikir mübadiləsi də aparıblar.
Tədbirin diqqətçəkən məqamlarından biri əkilən 15 qızılgül kolunun simvolik məna daşıması olub. Belə ki, hər bir qızılgül kolu “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan 15 qrupu təmsil edib. Bu yanaşma aksiyaya həm rəmzi, həm də birləşdirici məzmun qazandırıb.

