Aprelin 17-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının təşkil etdiyi “Unudulmazlar” layihəsi çərçivəsində görkəmli alim, professor Qorxmaz Quliyevin 85 illiyinə həsr olunmuş görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının professor-müəllim heyəti ilə yanaşı, Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən digər kafedraların nümayəndələri də iştirak ediblər. Görüşün əsas məqsədi professor Qorxmaz Quliyevin çoxillik elmi-pedaqoji fəaliyyətinə nəzər salmaq, onun Azərbaycan filoloji fikrinin inkişafındakı xidmətlərini dəyərləndirmək, zəngin həyat və yaradıcılıq yoluna işıq tutmaqdan ibarət olub.
Tədbirin açılışını edən Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının müdiri, professor, filologiya elmləri doktoru Şahin Xəlilli Qorxmaz Quliyevin Azərbaycan Dillər Universitetinin elmi-mənəvi mühitində özünəməxsus yeri olduğunu vurğulayaraq, bu cür görüşlərin elmi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə çıxış edən professor Qorxmaz Quliyev öz həyat və fəaliyyət yolundan bəhs edib. O, Azərbaycan Dillər Universitetinin “ən qədim sakini” olduğunu xüsusi vurğulayaraq, bu ali təhsil ocağı ilə bağlı xatirələrini bölüşüb, universitetə qəbul olunduğu ilk illərdən başlayaraq burada formalaşan elmi mühit, pedaqoji fəaliyyəti və çiyin-çiyinə çalışdığı müəllimlər haqqında səmimi fikirlərini iştirakçılarla paylaşıb.
Daha sonra Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov çıxış edərək professor Qorxmaz Quliyevin elmi fəaliyyətindən, filoloji düşüncənin inkişafına verdiyi töhfələrdən, onun bir alim və ziyalı kimi daşıdığı nüfuzdan danışıb.
Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının dosenti Ülviyyə Rəhimova isə çıxışında Qorxmaz Quliyevin kitablarının ərsəyə gəlmə tarixindən, bu əsərlərin meydana çıxdığı elmi-mədəni mühitdən və alimin yaradıcılıq yolunun müxtəlif mərhələlərindən söz açıb.
Tədbir sual-cavab formatında davam edib. İştirakçıları maraqlandıran məqamlara aydınlıq gətirən professor Qorxmaz Quliyev həm elmi fəaliyyətinə, həm də pedaqoji təcrübəsinə dair xatirələrini bölüşərək görüşə xüsusi səmimiyyət və canlılıq qazandırıb.
Sonda professor Qorxmaz Quliyevin Azərbaycan Dillər Universitetinin elmi və pedaqoji həyatındakı yeri bir daha vurğulanıb, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulanıb.

