Milli Azərbaycan Tarixi Muzeyi və Finlandiyanın Aleksandr İnstitutunun birgə təşkilatçılığı ilə iyun ayında “Cənubi Qafqazda xarici mütəxəssislər (XIX–XX əsrlər)” mövzusunda beynəlxalq elmi seminar və sərgi keçiriləcək.
Bu barədə “Tehsil365” ə muzeyin elmi işlər üzrə direktor müavini Fərhad Cabbarov məlumat verib. O qeyd edib ki, tədbirin məqsədi beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, Cənubi Qafqaz regionunun tarixinin tədqiqində xarici alimlərin rolunun araşdırılması və XIX–XX əsrlərdə bölgəyə müxtəlif ölkələrdən gəlmiş mütəxəssislərin fəaliyyətinin elmi istiqamətdə müzakirə edilməsidir.
Seminar çərçivəsində tarixçilər, tədqiqatçılar və muzey mütəxəssisləri tərəfindən təqdimatlar ediləcək, arxiv materialları və nadir eksponatların nümayiş olunduğu sərgi keçiriləcək. Sərgidə regionun sosial, iqtisadi və mədəni həyatına xarici mütəxəssislərin təsirini əks etdirən materiallar yer alacaq.
Tədbir Cənubi Qafqazın tarixi irsinin beynəlxalq elmi müstəvidə daha geniş şəkildə öyrənilməsinə və yeni tədqiqat istiqamətlərinin formalaşmasına töhfə verəcək.

