Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın Yekaterinburq şəhərinə səfəri zamanı Ural Dövlət İqtisad Universitetində tələbələr qarşısında açıq mühazirə oxuyub. Diplomat əsas xarici siyasət məsələləri və Azərbaycan-Rusiya münasibətləri ilə bağlı Bakının mövqeyini təqdim edib.
“Tehsil365” xəbər verir ki, səfir Azərbaycanın əsas xarici siyasət prioritetlərini, eləcə də aktual regional və beynəlxalq məsələlərlə bağlı mövqeyini açıqlayıb, həmçinin Rusiya ilə ticarət, iqtisadi, nəqliyyat, logistika və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə diqqət yetirib.
Çıxışda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi, Qarabağ bölgəsinin bərpası, azad edilmiş ərazilərin minalardan təmizlənməsi və məcburi köçkünlərin geri qaytarılması barədə müfəssəl məlumat verilib.
Görüşdən sonra tələbələr Qarabağda aparılan tikinti və bərpa işləri haqqında filmə baxıblar. Onlara həyata keçirilən layihələrin miqyası nümayiş etdirilib.
XVI Avrasiya İqtisadi Gənclər Forumu fonunda baş tutan səfər zamanı səfir ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Sverdlovsk vilayətinin vitse-qubernatoru Vasili Kozlovla da görüşüb.

