Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri iqtisad üzrə fəlsəfə doktoru, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyevanın “Economic Activities During the Occupation of Karabakh: A Case Study (1992–2020) of Decades of Property Exploitation in an Occupied Economy” (Qarabağın işğalı dövründə iqtisadi fəaliyyətlər (1992-2020): işğal olunmuş iqtisadiyyatlarda mülkiyyətin istismarı üzrə nümunəvi tədqiqat) adlı monoqrafiyası ABŞ-də beynəlxalq akademik nəşr kimi çap olunaraq “Scopus” indeksli elmi bazaya daxil edilib.
“Tehsil365" xəbər verir ki, müəllif monoqrafiyada Qarabağın işğal dövründə iqtisadi-hüquqi mühitini kompleks şəkildə təhlil edib və iqtisadi hüququn deformasiyası, hüquqi boşluqlar, qeyri-leqal bazar fəaliyyətləri, tollinq əməliyyatları, qanunsuz idxal-ixrac prosesləri, paralel iqtisadi sistemlərin formalaşması və iqtisadi legitimliyin süni şəkildə yaradılması kimi məsələləri elmi əsaslarla araşdırıb. Tədqiqatda “occupied economy” (işğal olunmuş iqtisadiyyat) modeli çərçivəsində hüquqi illüziya, institusional boşluqlar və paralel iqtisadi strukturların yaranması sistemli şəkildə izah edilib.
Monoqrafiya beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və geniş tərkibli elmi redaksiya heyəti ilə nəşr olunub. Əsərin elmi redaktorları sırasında UNEC-in rektoru professor Ədalət Muradov, Miçiqan Universitetinin professoru Con Branç, Malta Universitetinin professoru Simon Qrima, iqtisadçı alim İrşad Kərimli, Cozef Solomonson, Norveçin Agder Universitetinin tədqiqatçıları, eləcə də Hindistanın Şitqara Universitetindən professor Kiran Suds kimi nüfuzlu alimlər yer alıb.
Bu geniş elmi redaksiya heyəti monoqrafiyanın akademik etibarlılığını və beynəlxalq elmi standartlara uyğunluğunu daha da gücləndirir. Əsər Qarabağın 30 illik iqtisadi proseslərini ilk dəfə olaraq sistemli şəkildə təhlil edən və “occupied economy” konsepsiyasını dünya elminə təqdim edən fundamental tədqiqat kimi dəyərləndirilir və “Scopus” indeksli nəşr olaraq ABŞ-də beynəlxalq elmi dövriyyəyə daxil edilib.

