Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal həlli olan “Əmək və Məşğulluq“ altsistemi “GovInsider” beynəlxalq platformasının (Sinqapur) “Festival of Innovation Awards 2026” müsabiqəsində yüksək qiymətləndirilib.
“Tehsil365“ xəbər verir ki,bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təqdim edilən layihə müsabiqədə “Digital Labor Contracts” nominasiyasında “Special Mention” mükafatına layiq görülüb. Müsabiqədə Macarıstan, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, İndoneziya, Malayziya və Çin daxil olmaqla bir çox ölkələrdən də layihələrin qiymətləndirilməsi aparılıb.
“GovInsider” dövlət sektorunda innovativ, qabaqcıl idarəetmə təcrübələrini təşviq edən, sosial və ictimai xidmətlərin daha effektiv, insan mərkəzli və dayanıqlı inkişafına töhfə verən dövlət qurumlarının fəaliyyətini təqdir edən beynəlxalq platformadır.

