Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda respublika elmi konfransı işə başlayıb.
Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.
Konfransın açılışında BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru kimya elmləri doktoru Farid Nağıyev bildirib ki, 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş konfrans özünün aktuallığı ilə seçilir: “Bu əlamətdar gün yaradıcılığın, innovasiyanın və intellektual fəaliyyətin qorunmasının əhəmiyyətini ön plana çıxarır, əqli mülkiyyət institutlarının cəmiyyətin inkişafındakı rolunu bir daha diqqətə çatdırır. Müzakirə etdiyimiz milli irsin rəqəmsallaşdırılması mövzusu da məhz bu kontekstlə sıx bağlıdır. Rəqəmsallaşdırma prosesi milli-mədəni və elmi irsin qorunması ilə yanaşı, onun düzgün idarə olunması, hüquqi tənzimlənməsi və etik çərçivədə istifadəsini tələb edir”.
BDU-da bu istiqamətdə həyata keçirilən layihələrdən söz açan F.Nağıyev qeyd edib ki, universitetdə Əqli mülkiyyətin qorunması şöbəsi, Əqli mülkiyyət hüququ kafedrası fəaliyyət göstərir. BDU ilə Fransanın Lyon 2 Universiteti arasında imzalanmış müqavilə çərçivəsində əqli mülkiyyət hüququ ixtisası üzrə ikili magistr diplomu proqramı həyata keçirilir: “İnformasiya və sənəd menecmenti fakültəsi də bu proseslərdə fəal iştirak edir. Fakültədə “Əqli mülkiyyət xidmətinin təşkili” fənni tədris olunur, əməkdaşlar tərəfindən bu sahə üzrə monoqrafiyalar, dərs vəsaitləri və məqalələr hazırlanır, buraxılış işləri və dissertasiyalar müdafiə olunur, konfranslar, ustad dərsləri, elmi seminarlar, təlimlər və ekskursiyalar təşkil olunub
Azərbaycan Milli Arxiv İdarəsinin rəisi, BDU-nun professoru Əsgər Rəsulov, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru fizika elmləri doktoru Hüseyn Hüseynov, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli, BDU-nun Əqli mülkiyyətin qorunması şöbəsinin müdiri Əfsanə Surxaylı, Abdulla Şaiqin ev-muzeyinin direktoru dosent Ülkər Talıbzadə, BDU-nun Əqli mülkiyyət hüququ kafedrasının müəllimi Aydan Məmmədova çıxışlarında konfransın mədəni irsin qorunması və rəqəmsallaşdırılması sahəsinə öz töhfələrini verəcəyini, mədəni irsimizi mühafizə edən sosial təsisatlarla universitetin institusional əməkdaşlığını inkişaf etdirəcəyini bildiriblər.
Plenar iclasda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova “Mədəni irsin mühafizəsi: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda məruzə edib.
Konfrans iki gün ərzində öz işini bölmə iclasları ilə davam etdirəcək, bölmə iclaslarında ümumilikdə 40-dan çox məruzə dinləniləcək.

