Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi tərəfindən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri” mövzusunda konfrans keçirilib.
“Tehsil365" xəbər verir ki, konfrans 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunub.
Konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd əqli mülkiyyətə, xüsusilə kitablara və müəlliflik hüququna diqqəti artırmaq, yaradıcılığı təşviq etmək, cəmiyyətdə əqli mülkiyyət mədəniyyətini gücləndirmək, eyni zamanda, erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa etməkdir. Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, 2016-cı ildən etibarən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir...” devizi altında silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında tarixi-mədəni irsin qorunmasının beynəlxalq hüququn və insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, əqli mülkiyyət hüquqlarının müdafiəsi və hüquq pozuntularının qarşısının alınması Ombudsman Aparatının əsas fəaliyyət istiqamətlərindəndir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dünya xalqlarının böyük əksəriyyətinin sivilizasiyaların formalaşmasında mühüm rol oynadığını qeyd edib. Akademik ermənilərin qədimdən səpələnmə xalq olduqları barədə fikirlərini səsləndirib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, qədim mənbələrə əsaslanan elmi yanaşma tarixə obyektiv baxışın formalaşmasında həlledici rol oynayır. Mədəni irsin qorunması və onun beynəlxalq müstəvidə düzgün təqdimatı tarixi saxtalaşdırma cəhdlərinə qarşı ən təsirli vasitələrdən biridir. Deputat əlavə edib ki, bu istiqamətdə sistemli elmi tədqiqatların genişləndirilməsi və əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında həm Azərbaycan, həm də regionla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu proses erməni saxtakarlıqlarının ifşası ilə paralel şəkildə aparılmalıdır və müstəqil Azərbaycan artıq öz tarixinə sahib çıxır.
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Azərbaycan tarixinə yeni konseptual baxışın vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir və onun inkişaf yolu dünya ölkələri ilə müqayisədə olduqca mürəkkəb tarixi mərhələlərdən keçib.
Daha sonra Kamran İmanov konfransın mövzusuna uyğun geniş məruzə ilə çıxış edib, qədim mətnlər və klassik mənbələr əsasında aparılan tədqiqatların əhəmiyyətindən danışıb.
Konfrans müzakirələrlə davam edib.

