22 aprel tarixindən IV sinif şagirdlərinin oxu savadlılığının inkişafını qiymətləndirən beynəlxalq PIRLS 2026 tədqiqatının (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) əsas mərhələsinin keçirilməsinə start verilib.
"Tehsil365“ xəbər verir ki, PIRLS 2026 tədqiqatının əsas mərhələsində Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov qiymətləndirmə prosesinin gedişi ilə yerində tanış olub, təşkilati məsələlərin icra vəziyyətini nəzərdən keçirdib.
Qeyd edək ki, PIRLS qiymətləndirməsi hər beş ildən bir keçirilir və 2016-cı ildən bəri şagirdlərin yalnız ənənəvi materiallar üzrə deyil, həm də onlayn mühitdə (ePIRLS) təqdim olunmuş materiallar üzrə oxu savadlılığını ölçür. Azərbaycan ilk dəfə bu qiymətləndirmə dövründə ePIRLS-də iştirak edir. ePIRLS şagirdlərin onlayn mühitdə lazım olan məlumatı tapa bilmək və həmin məlumatı digər məlumatlarla əlaqələndirib təhlil etmək qabiliyyətini qiymətləndirir.
Təhsil sahəsində qlobal miqyasda əhəmiyyətli göstəricilərdən biri hesab edilən bu tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir.
Ölkəmizdə tədqiqatın həyata keçirilməsi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur.

