AMEA Nəsimi adına Dilçilik İnstitutunda Böyük Britaniyanın Edinburq Universitetinin dosenti Stiven Nikols ilə görüş keçirilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, görüşdə Stiven Nikols Azərbaycan dilinin fonetik quruluşu, türk dillərinin fonem sistemi ilə bağlı tədqiqatlar apardığını söyləyib.
Sonra fonetika laboratoriyaları, müqayisəli fonoloji araşdırmalar ətrafında müzakirələr aparılıb.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, fonetika dilin tarixini öyrənməyə, ayrı-ayrı sözlərin etimologiyasını açmağa və aydınlaşdırmağa, dillərin qohumluğunu müəyyənləşdirməyə kömək edir. Nitq səsləri dilin vacib hissəsidir, dil səslərin, cümlələrin sayəsində ünsiyyətə xidmət edir. Professor Nadir Məmmədli Azərbaycanda fonetika və fonologiya sahəsində tanınmış dilçi-alimlər, onların əsərləri barədə söhbət açıb.
Qonaq Eksperimental fonetik araşdırmalar laboratoriyasında səslərin öyrənilmə şəraiti, elmi-tədqiqat işləri ilə tanış olub. Laboratoriya müdiri dosent Nəzakət Qazıyeva qonağa danışıq səsi və fonem münasibətləri, fonem nəzəriyyəsi istiqamətləri haqqında məlumat verib.

