Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar keçirilib.
ADPU-dan “Tehsil365"ə bildirilib ki, seminarda yaşıl şəhərsalma konsepsiyası kontekstində mikoloji tədqiqatların əhəmiyyəti, şəhər landşaftlarında ekoloji mühitin patogen göbələklərdən qorunma üsulları barədə ətraflı məlumat verilib
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Mikologiya və ibtidai bitkilər şöbəsinin müdiri professor Dilzarə Ağayeva “Azərbaycanda mikoloji tədqiqatlar: sübutlar, boşluqlar və prioritetlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ölkədə aparılan mikoloji araşdırmaların mövcud vəziyyəti, bu sahədəki elmi boşluqlar və gələcək prioritet istiqamətlər geniş təhlil olunub.
Təqdimatdan sonra iştirakçıların sualları ətrafında müzakirələr aparılıb.
Seminarın sonunda fakültə dekanı dosent Reyhan Ağayeva çıxış edərək, seminarın və professor Dilzarə Ağayevanın təqdim etdiyi elmi məlumatların vacibliyini diqqətə çatdırıb və bu istiqamətdə görülən işlərin fakültənin elmi-tədqiqat və tədris fəaliyyətinin inkişafına töhfə olacağını qeyd edib.

