Fransanın Briv şəhərində keçirilən 23-cü Briv Beynəlxalq Ortametrajlı Filmlər Festivalıda Azərbaycan ilk dəfə ortametrajlı film ilə təmsil olunub. Rejissor Emin Əfəndiyevin “Tənha insanın monoloqu” filmi müsabiqə proqramına seçilib.
“Tehsil365" xəbər verir ki, festivala təqdim olunan iki mindən çox film arasından cəmi 25 film müsabiqə üçün seçilib və “Tənha insanın monoloqu” da onların sırasındadır. Festivalın ilk günündə nümayiş olunan film tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Nümayişdən sonra bəzi izləyicilər rejissora yaxınlaşaraq film boyu göz yaşlarına hakim ola bilmədiklərini bildiriblər və onu belə təsirli ekran əsərinə görə təbrik ediblər.
Rejissor Emin Əfəndiyev bu filmində müharibənin və insanın daxili dünyasının səsini çatdırır. O, müharibənin ailədaxili münasibətlərə mənfi təsirini incə bədii dillə təqdim edir.
Əfəndiyev müharibəni səngərdə deyil, evin içində göstərən rejissorlardandır. Onun qəhrəmanları güllə səslərindən uzaqda yaşasalar da, savaşın izlərini hər gün daşıyırlar. Bu yanaşma rejissorun əvvəlki “Yuva” filmində də hiss olunurdu — burada müharibə konkret hadisə kimi deyil, insan talelərində gizlənən ağrı kimi təqdim edilirdi.
“Tənha insanın monoloqu”nda isə bu ağrı daha açıq və sərt şəkildə ifadə olunur. Qarabağ müharibəsinin kölgəsi bir ailənin daxilində yaşayır. Ata – müharibədən qayıdan, lakin əvvəlki insan olmayan bir kişidir. Oğul isə atasının dağıtdığı həyatın içində böyüyən, amma onu tərk edə bilməyən bir obrazdır.
Əfəndiyevin filmi sadəcə ailə dramı deyil. Bu ekran əsəri sevginin necə ağrıya çevrildiyini göstərən sakit, lakin dərin bir etirafdır. Bəzən insanı məhv edən nifrət deyil, elə sevginin özüdür...
Filmin nümayişindən sonra festivalın baş meneceri, Briv və Turin beynəlxalq film festivallarının seçki komitəsinin rəhbəri Culio Kassadininin moderatorluğu ilə müzakirələr keçirilib.
Rejissor tamaşaçıların və kino mütəxəssislərinin suallarını cavablandırıb. Müxtəlif mövzuları əhatə edən suallar böyük maraq doğurub və rejissor filmin hər detalını ətraflı izah edib. O bildirib ki, əsas məqsədi müharibənin ailə daxilində yaratdığı mənfi təsirləri göstərmək olub.
Qeyd edək ki, festivala seçilmiş 25 film aprelin 25-dək nümayiş olunacaq və qaliblər 6 nominasiya üzrə mükafatlandırılacaq.
Film Rejissorları Cəmiyyəti (SRF) çərçivəsində təsis edilən bu festival ortametrajlı film formatına həsr olunmuş mühüm platformadır. Proqram çərçivəsində 100-dən çox nümayiş, müsabiqələr, tematik proqramlar, retrospektivlər, məktəblilər üçün xüsusi seanslar, dəyirmi masalar və canlı musiqi müşayiətilə film nümayişləri təşkil olunur.
Festival həmçinin kino ictimaiyyəti ilə tamaşaçılar arasında səmimi ünsiyyət mühiti yaradır. Rejissorlar, prodüserlər, aktyorlar və texniki heyət filmləri təqdim edir, izləyicilərlə görüşlər keçirilir və kino təhsili təşviq olunur.
Briv Festivalı bu formata tam həsr olunmuş ilk tədbirlərdən biri kimi kino ictimaiyyəti tərəfindən geniş qəbul olunub. Yaradıcılığın təşviqi və tamaşaçı ilə birbaşa əlaqə baxımından mühüm platforma hesab edilir. 2025-ci ildə festivalda 150-dən çox kino mütəxəssisi iştirak edib.
Festival 2006-cı ildən Fransa Milli Kinematoqrafiya Mərkəzi (CNC) tərəfindən ən yüksək — birinci kateqoriya səviyyəsində tanınır.

