İsveçin Borlenge şəhərində hücum təhdidi səbəbindən 16 dövlət məktəbi müvəqqəti olaraq bağlanıb. Eyni zamanda, ehtiyat tədbiri olaraq bir sıra özəl məktəblər də fəaliyyətini dayandırıb.
“Tehsil365“ xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs sosial şəbəkələrdə məktəblərin birində atışma törədəcəyi ilə bağlı paylaşımlar edib. Rəsmilərin açıqlamasına görə, bağlanan təhsil müəssisələri arasında məktəbəqədər, ibtidai və orta təhsil müəssisələri var. Şəhər rəhbərliyi vəziyyəti nəzərə alaraq həmin məktəblərin gün ərzində fəaliyyət göstərməyəcəyini bildirib.
Polis yayılan məlumatlara əsasən Borlengedəki məktəblərə yönəlmiş təhdidlərlə bağlı araşdırma başladıldığını açıqlayıb. Bildirilib ki, hazırda heç kim saxlanılmayıb və təhdidin real olub-olmaması hələlik müəyyən edilməyib.
Borlenge bələdiyyəsi isə qərarın ehtiyat tədbiri olduğunu və mümkün təhlükə riskinə qarşı atıldığını vurğulayıb.
Qeyd edək ki, İsveçdə məktəblərə hücum halları nadir baş versə də, son illərdə ölkədə ayrı-ayrı ciddi insidentlər qeydə alınıb.

