14–17 yaşlı məktəblilər üçün “Mənim qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsi elan edilib.
“Tehsil365“ xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkil etdiyi müsabiqə gənc şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmağı hədəfləyir.
Müsabiqə çərçivəsində şagirdlər öz qəhrəman obrazlarını yaradaraq onları komiks və qrafik hekayə formasında təqdim edəcəklər. Təqdim olunan işlər Azərbaycan dilində yazılmalı, emosional təsir gücünə malik olmalı və animasiya üçün uyğun hesab edilməlidir. Komikslər minimum 8, maksimum 20 səhifə həcmində olmalı, yeni və orijinal ideya əsasında hazırlanmalıdır.
Məktəblilər müsabiqədə həm fərdi, həm də iki nəfərlik komanda şəklində (ssenari müəllifi və rəssam) iştirak edə bilərlər. İşlərin qəbulu 2026-cı ilin 1 may tarixindən başlayaraq 1 sentyabr tarixinədək davam edəcək. İştirakçılar komikslərini PDF formatında, şəxsi məlumatları ilə birlikdə [email protected] ünvanına göndərməlidirlər.
Müsabiqənin qalibləri mükafatlandırılacaq. Eyni zamanda, seçilmiş işlərdən birinin qısa animasiya filminə çevrilməsi imkanı da nəzərdə tutulur.
Layihə “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasının tətbiqi çərçivəsində həyata keçirilir və gənclərin müasir üslubda milli məzmun yaratmasına stimul verir. Şagirdlər bu müsabiqə vasitəsilə həm real həyatdan, həm də xəyallarından ilhamlanaraq öz qəhrəmanlarını təqdim edə biləcəklər.
Şagirdlər üçün “Mənim qəhrəmanım” müsabiqəsi elan olunub
6022.04.2026 - 17:15

