Daxil olmuş şikayət əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayonu üzrə təhsil sektorunda fəaliyyətin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə xidməti araşdırma aparılıb.
Bu barədə “Tehsil365"ə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, Dostuyev Qələmşah Dostu oğlu sektor müdiri vəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsil məktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarının bölgüsü zamanı ciddi nöqsanların aşkar edilməsi halları müəyyən edilmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğuna görə 20 fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilib.
Həmçinin, tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuş şikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılmış xidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqini tapıb.
Xidməti araşdırmanın nəticələrinə əsasən, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Dostuyev Qələmşah Dostu oğlu dövlət qulluğundan azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir

