Uşaq tərbiyəsində tez-tez rast gəlinən problemlərdən biri də uşağın fərd kimi deyil, yalnız idarə olunmalı bir obyekt kimi qəbul edilməsidir. Mütəxəssislər bu yanaşmanın uşağın psixoloji inkişafına ciddi təsir etdiyini bildirirlər.
Mövzu ilə bağlı psixoloq Fəridə Musəvi “Tehsil365"ə açıqlama verib.
Psixoloq bildirib ki, “Uşağın şəxsiyyət kimi qəbul olunmaması onun özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər. Uşaq fikirlərinin və hisslərinin önəmsiz olduğunu düşünməyə başlayır.”
Onun sözlərinə görə, bu vəziyyət uzunmüddətli psixoloji təsirlər yaradır: “Belə uşaqlarda özgüvən zəifləyir, qərar verməkdə çətinlik yaranır və onlar başqalarının təsiri altında qalmağa daha meyilli olur.”
Psixoloq vurğulayıb ki, emosional əlaqə də zərər görür: “Valideyn və ya müəllim uşağı dinləmədikdə, onunla real ünsiyyət qurulmadıqda, uşaq özünü anlaşılmamış hiss edir və bu da daxili gərginlik yaradır.”
O əlavə edib ki, bu yanaşma uşağın inkişaf potensialını da məhdudlaşdıra bilər: “Uşaq sərbəst düşünmək və özünü ifadə etmək imkanı tapmadıqda, onun yaradıcılığı və təşəbbüskarlığı zəifləyir.”
Sonda psixoloq bildirib ki, “Uşağı şəxsiyyət kimi qəbul etmək onun fikirlərinə hörmətlə yanaşmaq, seçim imkanı vermək və emosiyalarını ciddiyə almaq deməkdir.”

