Məktəb mühitində bəzən standartdan fərqli düşünən və fərqli yanaşma sərgiləyən uşaqlar çətin şagird kimi qiymətləndirilir. Bu isə həm valideynlər, həm də mütəxəssislər arasında müzakirələrə səbəb olur.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “Tehsil365"ə açıqlama verib.
Psixoloq bildirib ki, “Təhsil sistemi çox zaman standart yanaşma üzərində qurulduğu üçün fərqli düşünən uşaqlar bu çərçivəyə uyğunlaşmaqda çətinlik çəkir və bu da problem kimi qəbul olunur. Eyni zamanda bu standartlardan fərqli bir cavab nisbətəndə olsa problem kimi görünür.”
Onun sözlərinə görə, bu vəziyyət sistemlə bağlıdır: “Məktəblərdə daha çox düzgün cavab və qaydaya uyğun düşüncə ön plandadır. Halbuki fərqli düşüncə yaradıcılığın və inkişafın əsas göstəricilərindən biridir.”
Psixoloq vurğulayıb ki, müəllimlərin yanaşması burada həlledici rol oynayır: “Çox vaxt müəllimlər sinifdə nizam-intizamı qorumaq üçün, programın çatdırılması üçün programdan kənar bir situasiya olduqda, bu həmin sistemin pozulmasına səbəb olur.”
O həmçinin qeyd edib ki, bu cür uşaqlar bəzən yanlış başa düşülür: “Onların davranışı intizamsızlıq kimi qiymətləndirilə bilər, halbuki bu, sadəcə fərqli düşüncə tərzinin ifadəsidir. Bəzən istəmədən bunu risk kimi görə bilirik. Uşaqlar arasında fərqli düşünən uşaq bəzən ya qəbul olunmur, ya təcrid olunur, ya da dostları arasında bu cür qəbul olunur.”
Sonda psixoloq bildirib ki, “Biz müasir dövrdə bu cür uşaqları problem kimi görməməliyik. Biz həmin uşaqa yol göstərməli və inkişaf etdirməsi üçün kömək etməliyik.Onun inkişafının, potensialının ortaya çıxması üçün ona valideynləri ilə bərabər müəllim də dəstək olmalıdır.”

