Təhsil sistemində vahid tədris proqramının tətbiqi uzun illərdir davam edən əsas yanaşmalardan biridir. Bu model bütün şagirdlər üçün eyni məzmun və standartların müəyyən olunmasını nəzərdə tutur. Lakin son dövrlərdə belə bir sual aktuallaşır: vahid proqram yaradıcı və fərqli düşünən uşaqların potensialını tam üzə çıxarmağa imkan verirmi?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, “Vahid tədris proqramı müəyyən struktur və bərabər imkan yaratmaq baxımından vacibdir. Lakin bu yanaşma bütün şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqda bəzən məhdud qalır.”
Onun sözlərinə görə, problem proqramın özündə deyil, tətbiq formasındadır: “Əgər proqram yalnız standart nəticələrə fokuslanırsa, bu zaman yaradıcı və fərqli düşünən uşaqlar öz potensiallarını tam göstərə bilməyə bilər.”
Ekspert qeyd edib ki, hər uşağın öyrənmə tərzi fərqlidir: “Bəzi şagirdlər klassik yanaşmaya uyğunlaşır, digərləri isə daha sərbəst və alternativ üsullarla daha yaxşı nəticə göstərir. Vahid yanaşma bu fərqləri nəzərə almadıqda çətinlik yaranır.”
O vurğulayıb ki, müəllimin rolu burada həlledicidir: “Eyni proqram çərçivəsində belə müəllim yaradıcı metodlardan istifadə edərək fərqli düşünən uşaqları dəstəkləyə bilər. Yəni əsas məsələ çevik yanaşmadır.”
Ekspert əlavə edib ki, təhsil sistemi yalnız standart nəticə deyil, fərdi inkişafı da hədəfləməlidir: “Əgər məqsəd düşünən, yaradan və təşəbbüskar nəsil yetişdirməkdirsə, proqram daxilində elastiklik təmin olunmalıdır.”
Sonda ekspert bildirib ki, “Vahid tədris proqramı baza rolunu oynaya bilər, lakin onun tətbiqində fərdiləşdirmə imkanları olmadan yaradıcı potensialın tam açılması çətin olur.”

