Azərbaycanın görkəmli alimi, neftçi və ictimai xadim Midhət Teymur oğlu Abbasovin xatirəsi elmi ictimaiyyət tərəfindən dərin hörmətlə yad edilir.
“Tehsil365” xəbər verir ki, 1926-cı il iyulun 31-də Bakıda anadan olan Midhət Abbasov neft-qaz sahəsində mühüm elmi nailiyyətlərə imza atıb. O, 1962-ci ildə texnika elmləri doktoru elmi dərəcəsini alıb, professor kimi uzun illər elmi-pedaqoji fəaliyyət göstərib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilən alim daha sonra akademiyanın vitse-prezidenti vəzifəsində də çalışıb.
Midhət Abbasov müxtəlif illərdə Yer haqqında elmlər şöbəsinin akademik-katibi kimi fəaliyyət göstərib, həmçinin Dərin Neft-Qaz Yataqları İnstitutuna rəhbərlik edib. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar Azərbaycanın neft-qaz ehtiyatlarının öyrənilməsi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
Alim yalnız elmi sahədə deyil, dövlət idarəçiliyində də fəal olub. O, SSRİ Ali Sovetinin deputatı seçilib, müstəqilliyin ilk illərində Azərbaycan Respublikasının dövlət katibi və Prezident Şurasının üzvü kimi məsul vəzifələrdə çalışıb.
1990-cı ildə “Azərbaycanın əməkdar elm xadimi” fəxri adına layiq görülən Midhət Abbasov zəngin elmi irsi və çoxillik fəaliyyəti ilə ölkənin elm tarixində mühüm yer tutur.
Görkəmli alim 2012-ci il aprelin 23-də Bakıda vəfat edib. Onun xatirəsi həmkarları və tələbələri tərəfindən daim ehtiramla yad olunur.

