Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi tərəfindən “Dünya Oxu Günü” münasibətilə maarifləndirici və sosial əhəmiyyətli kitab bağışlama aksiyası keçirilib.
“Tehsil365” xəbər verir ki, cəmiyyətdə oxu mədəniyyətinin inkişaf etdirilməsi, kitab mütaliəsinə marağın artırılması və bilik resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyan aksiyanın ideya müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulladır.
Tədbir çərçivəsində müxtəlif elm sahələrini əhatə edən kitablar oxuculara təqdim olunur və aksiyada iştirak edən hər kəsə hədiyyə edilir. Layihənin əsas ideyası kitabın yalnız informasiya mənbəyi deyil, eyni zamanda fərdi inkişafın, intellektual zənginliyin və sosial tərəqqinin vacib vasitəsi olduğunu cəmiyyətə bir daha xatırlatmaqdır.
Məlum olduğu kimi, mütaliə vərdişlərinin formalaşdırılması müasir dövrdə intellektual cəmiyyətin qurulmasının əsas şərtlərindən biridir. Bu baxımdan təşkil olunan kitab bağışlama aksiyası kitabın əlçatanlığını artırmaqla yanaşı, bilik paylaşımını təşviq etməyə və sosial məsuliyyət hissini gücləndirməyə xidmət edir. Hər bir bağışlanan kitab yeni biliklərə açılan qapı olmaqla yanaşı, oxucular üçün yeni düşüncə imkanları yaradır və onların şəxsi inkişafına mühüm töhfə verir.
Aksiya 22–23 aprel tarixlərində, saat 10:00-dan 17:00-dək universitetin hər iki tədris binasının həyətində təşkil olunub. Tədbirə universitet əməkdaşları, tələbələr və kitabsevərlər dəvət olunur.
Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi gələcəkdə də oxu mədəniyyətinin təşviqi və kitabın cəmiyyət həyatında rolunun gücləndirilməsi istiqamətində bu kimi sosial və maarifləndirici layihələrin davam etdirilməsini nəzərdə tutur.

