Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə “Təbii fəlakətlər: tanı, anla, qarşısını al” adlı diskussiya keçirilib.
“Tehsil365” xəbər verir ki, diskussiyanın açılışında çıxış edən tələbələr təbii fəlakətlərin müasir dövrdə artan təsirindən bəhs edərək, bu mövzuda maarifləndirmə işlərinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, iqlim dəyişiklikləri fonunda baş verən proseslər təbii fəlakətlərin tezliyini və intensivliyini artırır. Bu, gənclərin mövzuya daha dərindən yanaşmasını zəruri edir.
Tədbirin əsas hissəsində iştirakçılar zəlzələ, sel, torpaq sürüşməsi və digər təbii proseslərin yaranma səbəbləri, yayılma arealları və təsir mexanizmləri barədə geniş fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı həm nəzəri biliklər, həm də real hadisələrə əsaslanan nümunələr üzərindən analizlər təqdim olunub, müxtəlif ölkələrdə baş vermiş fəlakətlər müqayisəli şəkildə şərh edilib.
Sonra tələbələr arasında sual-cavab sessiyası və qrup müzakirələri təşkil olunub. İştirakçılar fövqəladə hallarda davranış qaydaları, risklərin azaldılması üsulları və ilkin təhlükəsizlik tədbirləri ilə bağlı praktiki tövsiyələrlə tanış olublar.
Sonda vurğulanıb ki, bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi tələbələrin ekoloji və coğrafi savadlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə daha geniş auditoriyanı əhatə edəcək oxşar layihələrin həyata keçirilməsi planlaşdırılır.

