Aprelin 24-25-də Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı təşkil ediləcək. Psixologiya departamentinin təşəbbüsü ilə keçirilən tədbir psixologiya sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirəcək.
Universitetdən “Tehsil365” ə bildirilib ki, iki gün davam edəcək konfrans çərçivəsində müxtəlif ölkələrdən dəvət olunmuş alim və ekspertlərin iştirakı nəzərdə tutulur. Tədbir nəzəri və praktiki hissələrdən ibarət olacaq: iştirakçılar elmi məruzələri dinləmək və panel müzakirələrdə iştirak etməklə yanaşı, vörkşop və təlimlər vasitəsilə praktik biliklərini də inkişaf etdirmək imkanı əldə edəcəklər.
Konfransın əsas məqsədi yerli və xarici alimlər, tədqiqatçılar və mütəxəssislər arasında əməkdaşlığı gücləndirmək, innovativ yanaşmaları təşviq etmək və beynəlxalq səviyyədə bilik mübadiləsini genişləndirməkdir. Bununla yanaşı, tədbir Azərbaycanda psixologiya elminin və praktikasının inkişafına töhfə verməyi hədəfləyir. Həmçinin psixologiya sahəsində fəaliyyət göstərən alimləri, mütəxəssisləri və tələbələri bir platformada birləşdirərək fənlərarası əlaqələri inkişaf etdirmək, mədəni müxtəlifliyi təşviq edən və ictimai rifahın yüksəldilməsinə xidmət edən elmi tədqiqatları ön plana çıxarmaq konfransın məqsədləri sırasındadır.
Tədbir çərçivəsində klinik psixologiya, təhsil psixologiyası, sosial psixologiya, neyroelm, uşaq psixologiyası və digər istiqamətlər üzrə müzakirələr aparılacaq.

