23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.
Kitabxanadan “Tehsil365” ə bildirilib ki, sərgidə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, “Heydər Əliyev irsinin kitabxanalarda təbliği”, “Ümummilli Lider Heydər Əliyev irsinə dair elektron kitabxana-informasiya resursları”, “Azərbaycan kitabxana ensiklopediyası”, “Kitabları qoruyaq”, “Milli mənəvi dəyərlərimiz”, “Şuşada kitabxana və mətbuat”, həmçinin “Kitabxana işinə dair rəsmi sənədlər”, “Müəllif hüququ” və “Kitabın bədii və texniki tərtibatı”, “Azərbaycanda kitabxana işinin tarixi”, “Mərkəzi Elmi Kitabxananın inciləri” və “Yaşıl kitabxanalar”, “Oxu mədəniyyəti keçmişdən bu günə” kimi nəşrlər təqdim olunur.
Bundan əlavə, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Hüquq və İnsan Haqları İnstitutu tərəfindən MEK-ə hədiyyə olunan kitablar sərgidə nümayiş etdirilir. Onların sırasında “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər”, “Heydər Əliyev: cinayətkarlıqla mübarizə” dərs vəsaiti “Hüquq terminləri lüğəti”, “Mülki məcəllə: suallar və cavablar” və digərləri var.
Nümayiş etdirilən materiallarda qanunvericilik bazası və müəllif hüquqlarının qorunması mexanizmləri, kitabın hazırlanma prosesi, kitabxanaçılığın inkişaf mərhələləri və müasir dövrdə ekoloji yanaşmalar haqqında geniş məlumat verilir.
İki həftə müddətində kitabsevərlər, tədqiqatçılar və tələbələr təqdim olunan zəngin materiallarla yaxından tanış ola biləcəklər.

