Prezident Kitabxanasında 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlanaraq istifadəyə verilib.
Kitabxanadan “Tehsil365” ə bildirilib ki, sərgi kitab mədəniyyəti, müəllif hüquqlarının qorunması və əqli mülkiyyətin cəmiyyət həyatındakı rolu ilə bağlı nəşrləri əhatə edir.
Virtual sərgidə yer alan materiallar müəllif hüququnun formalaşma tarixindən müasir hüquqi mexanizmlərə qədər uzanan inkişaf xəttini ardıcıl şəkildə təqdim edir. Nəşrlərdə müəllif əməyinin qorunması prinsipləri, yaradıcılıq məhsullarının hüquqi müdafiəsi, eləcə də kitabın bilik və mədəniyyət daşıyıcısı kimi rolu izah olunur.
Sərgi əqli mülkiyyət anlayışının məzmununu və onun beynəlxalq səviyyədə tənzimlənməsi məsələlərini də əhatə edir. Bu yanaşma müəllif hüquqlarının yalnız hüquqi mexanizm deyil, həm də mədəni inkişaf və intellektual mühit üçün əsas amillərdən biri olduğunu önə çıxarır.

