Aprelin 23-də AMEA-da Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, AMEA-dan bildirilib ki, tədbir çərçivəsində Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunmuş “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının təqdimatı da olub.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bir əsr öncə Türk dünyasının ən mötəbər elm hadisələrindən olan Türkoloji Qurultayın tarixi əhəmiyyətindən bəhs edib. O, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik türk xalqlarının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açdığını vurğulayıb. Akademik İsa Həbibbəyli həmin Sərəncamın icrası ilə əlaqədar Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkəmizdə və dünyada yüksək səviyyədə qeyd olunduğunu bildirib. Qeyd edib ki, dövlətimizin başçısının Türk dünyasının strateji hədəfləri ilə bağlı irəli sürdüyü baxışların gerçəkləşməsinə və möhkəmlənməsinə xidmət edən bu tədbirlər türk birliyinin daha da gücləndirilməsinə, alimlərin əməkdaşlığının dərinləşməsinə və müştərək elmi tədqiqatların inkişafına sanballı töhfələr verir. Məhz bu məqamlar Türk dünyası üçün müəyyənləşdirilmiş strateji hədəflərin mahiyyətini təşkil edir.
Akademik İsa Həbibbəyli Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğunu, Tədbirlər Planının təsdiq edildiyini və bir sıra tədbirlərin keçirildiyini bildirib. O, həmçinin Beynəlxalq Türk Akademiyası tərəfindən may ayının sonlarında Astanada Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirin keçiriləcəyini, iyun ayında isə Səmərqənddə Qurultayla bağlı konfransın təşkil olunacağını söyləyib. AMEA prezidenti, sentyabr ayında isə Türk Dil Qurumu tərəfindən Macarıstanda Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunacağını bildirib. Konfransın türkologiya elminin tarixi yaddaşının qorunması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından elmi əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli türkologiyanın Türk dünyasını öyrənən elm olduğunu söyləyib. Qeyd edib ki, Milli Elmlər Akademiyasında Türk dünyası ilə bağlı önəmli tədqiqatlar aparılır, AMEA-nın elmi müəssisə və təşkilatlarında bu istiqamətdə bir çox şöbələr fəaliyyət göstərir və Türk dünyasının elmi qurumları ilə əlaqələr daha da genişləndirilir.
AMEA prezidenti ictimaiyyətə təqdim olunan “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının məziyyətlərindən də bəhs edib.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, Birinci Türkoloji Qurultay türkologiya tarixində mühüm mərhələ olmaqla yanaşı, türk xalqlarının qarşılıqlı əlaqələri, onların inkişaf perspektivləri baxımından əhəmiyyətli elmi-mədəni platforma kimi çıxış edir. Birinci Türkoloji Qurultay Orta Asiya türk dillərinin öyrənilməsi prosesində mövcud olan metodoloji problemlərin və elmi boşluqların üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Konfransın məruzələri göstərir ki, əvvəlki mərhələlərdə bu dillərlə bağlı toplanmış materiallar əsasən ayrı-ayrı tədqiqatçılar tərəfindən fərdi şəkildə işlənilib, lakin vahid elmi sistem çərçivəsində mərkəzləşdirilməyib. Bu isə Orta Asiya türk dillərinin tarixi əlaqələrinin və dialektoloji xüsusiyyətlərinin tam və sistemli şəkildə araşdırılmasını məhdudlaşdırıb.
Müəllifi olduğu “1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitab haqqında da məlumat verən N.Məmmədli qeyd edib ki, əsər həmin günlərin nəfəsini, o zaldakı səslərin titrəyişini, tribunadan səslənən hər bir fikrin ardında gizlənən tarixi yükü anlamaq üçün yazılıb.
Konfransda “Bəkir Çobanzadə və Türkoloji Qurultay”, “Türkoloji Qurultayda termin yaradıcılığı prosesinin istiqamətləri”, “Türkoloji Qurultayın türkologiyanın sonrakı inkişafına təsiri”, “Türkoloji Qurultayda Türk dillərinin tarixi və qədim yazılı abidələrin tədqiqinə elmi-metodoloji yanaşma”, “Teodor Manzel və Türkoloji Qurultay” mövzularında məruzələr dinlənilib.

