Aprelin 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans işə başlayıb.
“Tehsil365“ xəbər verir ki,bu barədə UNEC-dən məlumat verilib.
Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.
Açılışda çıxış edən UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev mövzunun aktuallığını vurğulayıb. O, müasir dövrdə rəqəmsallaşmanın milli inkişafın strateji prioritetinə çevrildiyini diqqətə çatdıraraq, məlumat və innovativ texnologiyaların qlobal iqtisadi münasibətləri yenidən formalaşdırdığını, süni intellekt alətlərinin isə bu prosesdə həlledici rol oynadığını vurğulayıb. R.Rzayev rəqəmsallaşmanın təhsil sisteminə təsirlərindən də söz açıb. O, UNEC-in elmi nailiyyətləri və beynəlxalq reytinqlərdə qazandığı uğurları iştirakçıların diqqətinə çatdırıb.
Konfransda çıxış edən akademik Əli Abbasov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov Azərbaycanda rəqəmsallaşma sahəsində dövlət səviyyəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən söz açıblar. Qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə mühüm sərəncam və strateji sənədlər qəbul edilib, rəqəmsal ekosistemin formalaşdırılması və bu sahəyə investisiyaların cəlb olunması üçün geniş imkanlar yaradılıb.
Çıxışlarda bildirilib ki, Azərbaycan rəqəmsal transformasiya baxımından ciddi rəqabət üstünlüklərinə malik ölkələrdən biridir. Xüsusilə aşağı enerji xərcləri, strateji coğrafi mövqe və inkişaf etməkdə olan rəqəmsal insan kapitalı ölkənin investisiya cəlbediciliyini artıran əsas amillər kimi qeyd olunub. Vurğulanıb ki, azad iqtisadi zonaların və xüsusi sənaye parklarının yaradılması investisiya mühitini daha da gücləndirir, beynəlxalq şirkətlərin ölkəyə çıxış imkanlarını genişləndirir.
AMEA-nın müxbir üzvü, Azərbaycan Texniki Universitetinin Məlumat Elmləri və Süni İntellekt İnstitutunun direktoru professor Ramiz Alıquliyev çıxışında məlumatın və datanın müasir dövrdə strateji resursa çevrildiyini bildirib. O, dataəsaslı qərarvermənin iqtisadiyyat, elm və idarəetmədə effektivliyin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Konfrans onlayn formatda Rumıniya, Macarıstan, Türkiyədən olan professorların çıxışları ilə davam edib. Sonra “Süni intellekt və əmək bazarı: yeni peşələr, bacarıqlar və məşğulluq modelləri” mövzusunda panel müzakirəsi, həmçinin rəqəmsal iqtisadiyyatda strateji trendlər və təhsildə rəqəmsal transformasiya mövzularını əhatə edən sessiya çıxışları baş tutub.
Aprelin 24-də isə konfrans çərçivəsində “Süni intellekt katalizator kimi: sənaye cəmiyyətinin ağıllı cəmiyyətə çevrilməsi - etik və hüquqi çərçivə” mövzusunda panel müzakirəsi, habelə kibertəhlükəsizlik, yaşıl iqtisadiyyat, e-ticarət və rəqəmsal marketinq strategiyaları kimi mövzularda sessiyalar keçiriləcək. Konfransda Türkiyə, Rumıniya, Macarıstan, Gürcüstan, Polşa və Hindistanın, eləcə də ölkənin aparıcı universitetlərinin alimləri, dövlət və özəl qurumların nümayəndələri çıxış edəcəklər.
Konfransın nəticələri haqqında yekun hesabat təqdim olunacaq.

