Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına həsr olunmuş tədbir keçirilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, tədbiri açan kimya üzrə fəlsəfə doktoru Sevinc Məmmədova institutda gənc kadrların inkişafı və onların müasir elmin tələblərinə uyğun yetişdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb.
Tədbirdə Beynəlxalq əməkdaşlıq sektorunun əməkdaşı layihə rəhbəri Natiq Salahov tərəfindən hazırlanmış genişmiqyaslı strategiyanın təqdimatı keçirilib. Natiq Salahov gənc tədqiqatçıların beynəlxalq arenaya çıxışını təmin edəcək yeni “Yol xəritəsi”ni iştirakçıların diqqətinə çatdırıb. Layihə rəhbəri qeyd edib ki, proqram çərçivəsində institutda gənclərin elmi kommunikasiya bacarıqlarını artıracaq “Chemical English Speaking Club”, həmçinin dünya elmindəki ən son yeniliklərin təhlil olunacağı “Nature Club” fəaliyyətə başlayır.
Natiq Salahov gənc alimlərin stimullaşdırılması üçün nəzərdə tutulan xüsusi mükafat sistemindən də bəhs edib. Bildirilib ki, təsis edilən “Innovation Award” mükafatı çərçivəsində ilin ən yaxşı elmi ideya və ixtira müəllifləri maddi mükafatla yanaşı, xarici ölkələrin aparıcı laboratoriyalarında tam maliyyələşdirilən təcrübə proqramlarında iştirak hüququ qazanacaqlar.
Layihənin digər mühüm istiqaməti doktorantların elmi yaradıcılığının dəstəklənməsidir. Bu xüsusda, doktorantların beynəlxalq qrant layihələrinə cəlb olunması, xarici elmi fondların (DAAD, ETH Zurich və s.) imkanlarından yararlanması üçün birbaşa mentorluq mexanizminin qurulduğu vurğulanıb.
Tədbirdə Beynəlxalq əməkdaşlıq sektorunun işçisi Araz Dövlətov çıxış edərək, gənclər üçün əlçatan olan yeni beynəlxalq konfranslar və elmi platformalar barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

