Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu “Ağdaş rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizminin hazırlanması” layihəsini həyata keçirir. İnstitutunun bir qrup əməkdaşı layihə çərçivəsində Ağdaş rayonunda olub.
Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib.
Ağdaş Rayon İcra Hakimiyyətində keçirilən görüşdə layihə üzrə görülən işlər, nəzərdə tutulan təbirlər, sahibkarlar və mütəxəssislər arasında sorğunun keçirilməsi, habelə təşkilati məsələlər geniş müzakirə edilib. Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Əli Kərimovla görüşdə layihənin koordinatoru, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev layihə üzrə elmi tədqiqatların əsas istiqamətləri barədə danışıb. Müzakirələrdə layihənin tədqiqatçıları – dossent Mahir Zeynalov, dosent Tariyel Qurbanov, iqtisad üzrə fəlsəfə doktoru Vilayət Ramazanov, habelə rayon icra hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun məsləhətçisi Murad Cəfərli iştirak ediblər.
Sonra İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda fəaliyyət göstərən yerli istehsal və xidmət müəssisələrinin - Ağdaş Meyvə Emalı Zavodu, Ağdaş Yem Emalı Fabriki, Ağdaş Tikinti Materialları Bazarı, Biyan Sənaye Parkı, fərdi sahibkarlara məxsus tara istehsalı müəssisəsi, “Araz-İnci” market və restoranı, Hacıoğlu MMC-nin fəaliyyəti ilə yaxından tanış olublar. Yerli müəssisələrin rəhbərləri əsas fəaliyyət istiqamətləri, istehsal və xidmətlər, işçilərin sayı, xammal təminatı, müasir texnologiyalardan istifadə, yerli bazarın başlıca xüsusiyyətləri, şərait və potensial inkanlar, investisiyaları, rəqabət mühiti, satışın təşkili, biznesə dövlət dəstəyi və s. barədə məlumat veriblər, habelə qarşılaşdıqları əsas problemlər barədə danışıblar, arzu və istəklərini bildiriblər.
İqtisadiyyat İnstitutunun tədqiqatçıları Ağdaş rayonunun sosial-iqtisadi inkişafı, investisiya potensialı və investisiya cəlbediciliyinin qiymətləndirilməsi üzrə yerli sahibkarlar və mütəxəssislər arasında sorğu da keçiriblər. Bu sorğunun məqsədi sahibkarların, mütəxəssislərin rəyləri əsasında Ağdaş rayonunun sosial-iqtisadi inkişaf səviyyəsini, prioritet iqtisadi sahələrini, əsas inkişaf istiqamətlərini, investisiya potensialını və investisiya cəlbediciliyini qiymətləndirmək, eyni zamanda sahibkarlıq fəaliyyətinə təsir edən əsas maneələri, investisiya ehtiyaclarını və inkişaf imkanlarını müəyyənləşdirməkdir.

