Mingəçevir yenidən təhsil uğurları ilə gündəmdədir. Martın 15-də keçirilmiş buraxılış imtahanında maksimal 300 bal toplayanlar sırasında Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdi Burlaxatun Məcidli Bəhruz qızı xüsusi diqqət çəkib.
MTV-nin sosial şəbəkə səhifəsinə istinadən “Tehsil365” xəbər verir ki, Burlaxatun bu nəticəni təsadüfən əldə etməyib. O, məktəb illəri boyunca daim əlaçı olub, dərslərinə məsuliyyətlə yanaşıb və imtahana sistemli şəkildə hazırlaşıb. IX sinifdə oxuyarkən 297 bal toplayaraq şəhər üzrə ən yüksək nəticəni göstərməsi onun gələcək uğurlarının ilk siqnalı idi. Bu dəfə isə nəticəsini zirvəyə daşıyaraq 300 bal toplamağa nail olub.
Şagirdin sözlərinə görə, uğurun əsas sirri nizam-intizam, planlı hazırlıq və müəllimlərin düzgün istiqamətləndirməsidir. Liseydə yaradılan sağlam təhsil mühiti, rəqabət ruhu və müəllim-şagird münasibətlərinin yüksək səviyyədə qurulması bu nəticələrin əldə olunmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Mingəçevir şəhər liseyi uzun illərdir test imtahanlarının nəticələrinə görə respublika üzrə ön sıralarda yer alır. Burada yalnız riyazi və elmi biliklər deyil, həm də şagirdlərin dünyagörüşü, estetik zövqü və yaradıcı düşüncəsi inkişaf etdirilir. İncəsənət təhsili də diqqətdən kənarda qalmır — şagirdlər musiqi, ədəbiyyat və digər yaradıcı sahələrdə özlərini ifadə etmək imkanı qazanırlar.
Burlaxatun kimi gənclərin uğuru bir daha sübut edir ki, əsl zəhmət və istedad heç vaxt kölgədə qalmır. Bu gün onların əldə etdiyi nailiyyətlər Azərbaycanın təhsil sisteminin ümid yeri olmaqla yanaşı, ölkənin gələcək intellektual potensialını formalaşdıracaq əsas qüvvəyə çevrilir.

