“Riyaziyyatı zəif olan şagirdlər imtahanda daha çox çətinlik yaşayır və bu, topladıqları bala birbaşa təsir edir.”
Bu sözləri "Tehsil365"ə açıqlamasında riyaziyyat müəllimi Arif Əliyev deyib.
O bildirib ki, riyaziyyat fənni zəncirvari şəkildə öyrənildiyi üçün əvvəlki mövzuların zəif mənimsənilməsi sonrakı nəticələri aşağı salır. Onun sözlərinə görə, bəzi şagirdlər əsas anlayışları bilmədiyi üçün imtahanda ən sadə sualları belə cavablandıra bilmir.
Arif Əliyev qeyd edib ki, buraxılış imtahanlarında yüksək nəticə əldə etmək üçün yalnız son aylarda deyil, uzunmüddətli hazırlıq vacibdir. O vurğulayıb ki, gündəlik təkrar və düzgün istiqamətləndirmə şagirdlərin nəticələrinə müsbət təsir edir.
Sonda müəllim əlavə edib ki, riyaziyyatda uğur zəif nöqtələrin vaxtında aradan qaldırılmasından başlayır.

