Fərid Fazil oğlu Qayıbov Azərbaycanın idman sahəsində mühüm vəzifələr daşıyan dövlət xadimlərindən biri kimi fəaliyyətini genişləndirməkdə davam edir.
“Tehsil365” xəbər verir ki, 1979-cu il aprelin 24-də Bakıda anadan olan Fərid Qayıbov, həm ölkə daxilində, həm də beynəlxalq arenada məsul vəzifələrdə təmsil olunur.
O, 2021-ci ildən etibarən Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsini icra edir. 2024-cü il fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Nazirlər Kabinetinin yeni tərkibində bu vəzifəyə yenidən təyin olunub.
Fərid Qayıbovun fəaliyyəti yalnız ölkə ilə məhdudlaşmır. 2017-ci ildən etibarən Avropa Gimnastikası təşkilatının prezidenti kimi çalışır və 2022 və 2025-ci illərdə keçirilən konqreslərdə yenidən bu vəzifəyə seçilib. Eyni zamanda, o, Dünya Gimnastikası İcra Komitəsinin üzvüdür.
Beynəlxalq idman idarəçiliyində fəallığı ilə seçilən Qayıbov, 2025-ci ildən UNESCO çərçivəsində İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəflər Konfransının 10-cu sessiyasına (COP10) sədrlik edir.
Bununla yanaşı, o, 2027-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılan FIFA U-20 World Cup üzrə Təşkilat Komitəsi sədrinin müavini, eləcə də İstanbulda keçiriləcək 4-cü Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının üzvü kimi fəaliyyət göstərir.
Fərid Qayıbovun çoxşaxəli fəaliyyəti Azərbaycanın idman sahəsində beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.

