Pentaqon üçün süni intellekt (Sİ) həlləri hazırlayan ABŞ-nin "Palantir" şirkəti maraqlı bir manifest dərc edib. Sənədə görə, neyroşəbəkələr gələcəkdə nüvə silahını əvəz edərək yeni qlobal çəkindirmə vasitəsinə çevrilə bilər.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumat şirkətin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.
Manifestdə müəlliflər "tətbiqlər tiraniyası"ndan imtina etməyə çağırış edirlər. Onların fikrincə, "iPhone" kimi texnologiyalar insanın həyatını dəyişsə də, hazırda bu cür məhdud çərçivələr innovativ düşüncəni buxovlayır və mümkün olana dair təsəvvürləri məhdudlaşdırır. Şirkət mümkün qədər tez süni intellekt əsaslı silahların yaradılmasının vacibliyini vurğulayır.
Bununla yanaşı, "Palantir" nümayəndələri tamamilə könüllü ordu modelindən imtina edərək, ümumi hərbi mükəlləfiyyətin bərpa olunmasının zəruriliyini qeyd ediblər: "Əgər ABŞ dəniz piyadasına daha təkmil tüfəng lazımdırsa, biz onu yaratmalıyıq. Eyni yanaşma proqram təminatına da tətbiq olunmalıdır".
Sənədin ən diqqətçəkən məqamı isə nüvə silahı ilə bağlıdır. Tərtibatçılar atom erasının başa çatdığını və artıq süni intellektə əsaslanan yeni qlobal çəkindirmə sisteminin dövrünün başladığını iddia edirlər.

