Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşkilatçılığı ilə “MediaPulse” təcrübə proqramının növbəti görüşü keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşün qonağı radio və televiziya aparıcısı Rauf Şirinov olub.
Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev qonağın peşəkar fəaliyyəti haqqında məlumat verərək bu cür görüşlərin tələbələrin praktik biliklərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Rauf Şirinov televiziya və radio sahəsində qazandığı təcrübəni tələbələrlə bölüşərək, canlı yayımların xüsusiyyətləri, efir etikası, auditoriya ilə ünsiyyət, eləcə də müasir media mühitinin tələbləri barədə ətraflı məlumat verib. O, xüsusilə operativlik, düzgün nitq, stresə davamlılıq və peşəkarlığın media sahəsində uğur üçün əsas amillər olduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində tələbələr media sahəsində karyera qurmaq, aparıcılıq bacarıqlarını inkişaf etdirmək və real iş mühitinə uyğunlaşmaqla bağlı suallar ünvanlayıblar.
Görüşün sonunda Rauf Şirinov gənclərə daim öz üzərlərində işləməyi, yeni bacarıqlar əldə etməyi, təcrübə proqramlarında aktiv iştirak etməyi və seçdikləri sahəyə sevgi ilə yanaşmağı tövsiyə edib.

