Aprelin 24-də ADA Universitetində ABB-nin baş sponsorluğu, "Bahar Energy Operating Company"nin aparıcı tərəfdaşlığı və ADA Universiteti Fondunun (ADAF) təşkilati dəstəyi ilə 14-cü Karyera Sərgisi keçirilib.
“Tehsil365” xəbər verir ki, ümumilikdə 150 şirkətin və 350-dən çox insan resursları mütəxəssisinin qatıldığı tədbirdə bankçılıqdan texnologiyaya, energetikadan hüquq və turizmə qədər geniş spektrdə fəaliyyət göstərən peşəkarlar ADA Universitetinin tələbə və məzunları ilə birbaşa ünsiyyət qurublar. Onlar gənclərə mövcud iş və təcrübə imkanları barədə ətraflı məlumat verməklə yanaşı, həm də potensial namizədlərlə ilkin müsahibələr aparıblar.
Tədbirin rəsmi hissəsində ADA Universitetinin prorektoru Günay Ziyadova, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ABB-nin İnsan resurslarının idarə edilməsi departamentinin direktor müavini Nurxan Babayev və "Bahar Energy Operating Company"nin İnsan resursları departamentinin direktoru Orxan Əliyev çıxış edərək bu platformanın gənc istedadların yetişməsindəki rolunu vurğulayıblar.
Sərgi həm də "Karyera Hazırlığı Həftəsi"nin yekun akkordu kimi yadda qalıb.
Bağlanış mərasimində xüsusi seçim mərhələlərindən uğurla keçmiş 170-dən çox tələbənin adı açıqlanaraq onlara nüfuzlu şirkətlərdə yay təcrübəsi imkanları təqdim olunub. Qeyd edilən tələbələr həftə ərzində maliyyə, audit, informasiya texnologiyaları və konsaltinq kimi sahələrdə fəaliyyət göstərən 23 yerli və beynəlxalq müəssisənin peşəkarlarından dərs alıblar. Onlar müsahibələrə hazırlıq, şəxsi brendin qurulması və korporativ təqdimatlar mövzusunda həm nəzəri, həm də praktiki biliklərə yiyələnərək əmək bazarına ilk addımlarını atıblar.
Universitetin Karyera xidmətləri şöbəsinin təşkilatçılığı ilə baş tutan bu genişmiqyaslı layihədə ümumilikdə iki mindən çox ADA-lı iştirak edib. Bu təşəbbüs gənclərə peşəkar əlaqələrini genişləndirmək və əmək bazarının müasir tələbləri ilə yaxından tanış olaraq gələcək karyeralarını inamla planlaşdırmaq üçün əvəzolunmaz imkan yaradıb.

