Skripkaçı Canel Nəcəflinin Plzen şəhərindəki Musiqi Evinin Antonin Dvorjak zalında keçirilən məzun konserti əlamətdar mədəni hadisəyə çevrildi.
“Tehsil365" xəbər verir ki, tədbirin proqramı Pyotr Çaykovskinin skripka üçün re-major konserti ilə açılıb. İfaçı yüksək səviyyədə texniki ustalıq və ifaçılıq nümayiş etdirib. Pianoçu Barbora Prokopovanın müşayiəti ilə əsər dəqiq tarazlıq və detallara diqqət yetirməklə səsləndirilib.
Konsertin ikinci yarısında akkordeon ifaçısı Yarmila Vlaxovanın iştirakı ilə Astor Pyatsollanın əsərləri ifa olunub.
Son hissədə violonçel ifaçısı Mixail Harinq çıxış edib. Trio formatında musiqiçilər tam uyğunluq və ifadəli qarşılıqlı əlaqə ilə seçilən zəngin ansambl səsi yaradıblar.
Konserti izləyənlər arasında ölkəmizin Çex Respublikasındakı səfirliyinin, Azərbaycan diasporunun nümayəndələri, eləcə də şair və dramaturq Leyla Bəyim və Praqadakı Azərbaycan Mədəniyyət Evi layihəsini kuratorluq edən “Natəvan” Cəmiyyətinin direktoru da var idi. Tədbirin sonunda Canel Nəcəfliyə Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyevdən təşəkkür məktubu təqdim edilib.
Təşkilatçıların və qonaqların qiymətləndirmələrinə görə, Canel Nəcəflinin çıxışı onun peşəkar karyerasının başlanğıcında əlamətdar mərhələyə çevrilib.

