Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamış şair, ədəbiyyatşünas və tənqidçi Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 12-də (yeni təqvimlə 25 aprel) Yelizavetpol qəzasının Borsunlu kəndində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, XX əsr Azərbaycan elmi və ədəbi mühitində özünəməxsus yeri ilə seçilən ziyalılardan biri kimi tanınır.
Mikayıl Rəfili yaradıcılıq fəaliyyətinə erkən yaşlarından başlayaraq həm şeir, həm də elmi-tənqidi əsərlərlə çıxış edib. Onun ədəbiyyatşünaslıq sahəsindəki araşdırmaları Azərbaycan ədəbiyyatının nəzəri əsaslarının formalaşmasına ciddi təsir göstərib. Tənqidçi kimi isə o, dövrünün ədəbi proseslərinə obyektiv yanaşması ilə diqqət çəkib.
1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəfili, 1944-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi alıb, 1945-ci ildə isə professor adına layiq görülüb. O, uzun illər elmi-pedaqoji fəaliyyət göstərərək gənc kadrların yetişməsində mühüm rol oynayıb.
Mikayıl Rəfili 1958-ci il aprelin 25-də Bakı şəhərində vəfat edib. Onun zəngin irsi bu gün də Azərbaycan ədəbiyyatşünaslığında və elmi fikrində dəyərli mənbə kimi istifadə olunur.

