Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, Əslən dağ yəhudisi olan Aqarunov gənc yaşlarından vətənə bağlılığı və cəsarəti ilə seçilib.
O, 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etdikdən sonra Bakıya qayıdaraq əmək fəaliyyətinə başlayıb. Lakin vətən torpaqlarının müdafiəsi uğrunda başlanan Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanıb.
Albert Aqarunov tank komandiri kimi döyüşlərdə iştirak edərək böyük şücaət göstərib. Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik onun adını qəhrəmanlıq salnaməsinə yazıb. O, 1992-ci il mayın 8-də Şuşa istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olub.
Göstərdiyi misilsiz qəhrəmanlığa görə Albert Aqarunova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Onun xatirəsi Azərbaycan xalqının yaddaşında daim ehtiramla anılır.

