Aprelin 24–26-da Türkiyənin İstanbul şəhərində yerləşən Beykent Universitetində Onuncu Beynəlxalq Hesablama Riyaziyyatı və Mühəndislik Elmləri Konfransı (CMES-2026) keçirilir. Təşkilat komitəsinin qərarına əsasən, builki konfrans Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun şöbə müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Etibar Pənahlının 70 illik yubileyinə həsr olunub.
“Tehsil365” xəbər verir ki, konfrans nəzəri və tətbiqi riyaziyyat, eləcə də mühəndislik elmləri sahəsində son nailiyyətlərin müzakirəsi üçün alim və mütəxəssislərə geniş akademik platform yaradır. Tədbirin əsas məqsədləri hesablama riyaziyyatı sahəsində çalışan tədqiqatçılar arasında əməkdaşlığın gücləndirilməsi, yeni elmi nəticələrin təqdim edilməsi və dəvət olunmuş məruzəçilərin təcrübələrinin paylaşılmasıdır.
Bir sıra nüfuzlu beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilən konfransın fəxri heyətinə dünyanın aparıcı elm mərkəzlərindən tanınmış alimlər daxildir.
Tədbirdə CMES-in həmsədrləri – ENS Meknes (Mərakeş) nümayəndəsi Zakia Hammouch və Fırat Universitetinin fakültə dekanı Hasan Bulut, Koç Universitetindən Varga Kalantarov, Lincoln Universitetinin prezidenti Mikhail Brodsky, Azərbaycan Universitetinin prorektoru Yusif Qasımov, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Necibə Nəsibova, Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının vitse-prezidenti Nurlan Temirbekov, Final Beynəlxalq Universitetinin rektoru Orhan Gemikonaklı, Kırklareli Universitetinin rektoru Rengin Ak, Beykent Universitetinin rektoru Volkan Öngel, Azərbaycan Neft və Sənaye Universitetinin tətbiqi riyaziyyat kafedrasının müdiri Araz Əliyev və Mahmut Ergüt çıxış ediblər.
Natiqlər professor Etibar Pənahlının elmi irsi və riyaziyyat elminə verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.
Qeyd olunub ki, CMES konfranslar silsiləsi bundan sonra da beynəlxalq elmi ictimaiyyəti bir araya gətirərək hesablama riyaziyyatı və mühəndislik elmlərinin inkişafına töhfə verməyi hədəfləyir.

