Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.
“Tehsil365” xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbulu ilə bağlı yarana bilər. Onun sözlərinə görə, xüsusilə dəmir, C vitamini və kalsium tərkibli preparatlar mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandıra bilər.
Həkim qeyd edir ki, bu əlavələr hətta heç bir xroniki xəstəliyi olmayan insanlarda belə ürəkbulanma, qarın ağrısı və ishala səbəb ola bilər. Risk isə daha çox preparatlar acqarına qəbul edildikdə artır.
Kristin Li vurğulayıb ki, vitaminləri qida ilə birlikdə qəbul etmək həm onların mənimsənilməsini yaxşılaşdırır, həm də mədə qıcıqlanması ehtimalını azaldır. O, eyni zamanda dozaların aşılmamasını və mümkün olduqda vitaminlərin təbii qidalardan alınmasını tövsiyə edib.
Həkimin sözlərinə görə, insanlar bu cür simptomları yalnız zəhərlənmə ilə əlaqələndirməməli, qəbul etdikləri əlavələri də nəzərdən keçirməlidirlər.

