Mədəniyyət Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi, həmçinin Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və İsmayılov Qalereyasının birgə təşkilatçılığı ilə ölkəmiz aprelin 24-26-da Köln şəhərində keçirilən nüfuzlu “Discovery Art Fair” sərgisində uğurla təmsil olunur.
“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, 15 mindən çox ziyarətçinin qatıldığı, 16 ölkədən 117 qalereya və yaradıcı şəxsin iştirak etdiyi sərgidə Azərbaycan stendi xüsusilə diqqət cəlb edir. Milli stenddə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sabir Çopuroğlu, Anar Hüseynzadə, Orxan Qarayev, Fərid İsmayılov, Cəmalə Rəhmanlı, Taleh Mirkazım, eləcə də heykəltəraşlar Kənan Əliyev, Əhəd Məmmədov, Kamran Əsədov, Namiq Hüseynov və Ülviyyə Məmmədlinin ümumilikdə 50-ə yaxın əsəri nümayiş olunur.
Sərgiyə gələn ziyarətçilərin marağı və müsbət rəyləri bir daha göstərir ki, Azərbaycan müasir incəsənəti beynəlxalq arenada getdikcə daha çox diqqət çəkir və təqdim olunan əsərlər yüksək qiymətləndirilir.
Almaniyanın nüfuzlu “Discovery Art Fair” sərgisində iştirak ölkəmizin müasir incəsənətinin beynəlxalq səviyyədə tanıdılması, rəssam və heykəltəraşlarımızın əsərlərinin dünyada təbliği, yaradıcı sənayenin inkişafı və mədəni diplomatiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

