Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə elmi seminarlar silsiləsinin növbəti görüşü “Paleogenomika: insan mənşəyinin tədqiqi metodologiyası” mövzusuna həsr olunub.
“Tehsil365” xəbər verir ki, seminarda Mərkəzin elmi işçisi Məhruzə Yusifli geniş təqdimatla çıxış edib. Məruzəçi qədim DNT-nin (aDNT) ekstraksiyasından bioinformatik analizə qədər olan müasir tədqiqat metodları, eləcə də bu sahədə əldə olunan son nailiyyətlər barəsində məlumat verib. Paleogenomikanın paleontologiya, genomika və digər multidissiplinar sahələrin sintezi kimi formalaşdığı qeyd olunub. Bildirilib ki, bu sahənin əsasları 1984-cü ildə nəsli kəsilmiş Quagga zebrasından əldə edilən ilk molekulyar nəticələrlə qoyulsa da, paleogenomikada əsl dönüş nöqtəsi Svante Paabo tərəfindən aparılan tədqiqatlar və 2010-cu ildə Denisova insanının kəşfi ilə bağlıdır.
Seminar zamanı arxeoloji qazıntılar zamanı əldə edilən qalıqlardan, xüsusilə petroz sümük (petrous bone) və dişlərdən endogen qədim DNT-nin qorunması və əldə olunması üsullarından söz açılıb. Paleogenomikanın yalnız qədim insanların fiziki xüsusiyyətlərini deyil, həm də onların genetik quruluşunu və təkamül tarixini öyrənməyə imkan yaratdığı vurğulanıb: “Bu sahədə əsas problemlərdən biri müasir DNT ilə çirklənmə (kontaminasiya) riskidir. Bu baxımdan laborator şərait və metodoloji yanaşmalar xüsusi əhəmiyyət daşıyır”.
Yeni Nəsil Sekvensləmə (NGS) texnologiyaları və bioinformatik analizlərin insan miqrasiyalarının, qədim epidemiyaların və keçmiş cəmiyyətlərin sosial strukturlarının öyrənilməsində mühüm rolundan da danışılan seminarda arxeoloji materialların destruktiv analizi zamanı etik prinsiplərin qorunması məsələsinə də diqqət çəkilib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

