Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq artisti Fəxrəddin Manafovun Almaniyada yaşayan soydaşlarımızla görüşü keçirilib.
“Tehsil365" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə təşkil olunan görüş xaricdə yaşayan azərbaycanlıların milli-mədəni bağlarının möhkəmləndirilməsi və Azərbaycan incəsənətinin təbliği baxımından əlamətdar hadisə olub. Görüş, eyni zamanda, mədəniyyətin coğrafi sərhədləri aşaraq milli kimliyin qorunmasında oynadığı rolu bir daha nümayiş etdirib.
Tədbir Fəxrəddin Manafovun rol aldığı film və tamaşalardan müxtəlif fraqmentləri əks etdirən videomaterialların nümayişi ilə başlayıb.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Emin Salayev çıxışında bildirib ki, belə görüşlərin təşkili xaricdə yaşayan azərbaycanlılar arasında milli birliyin və mədəni bağların daha da möhkəmlənməsinə xidmət edir. Fəxrəddin Manafov kimi görkəmli sənətkarlarla birbaşa ünsiyyət həm diasporumuzun üzvlərinin fəallığını, həm də gənc nəslin Azərbaycan mədəniyyətinə və incəsənətinə marağını artırır.
Görüşdə Xalq artisti Fəxrəddin Manafov yarım əsrə yaxın yaradıcılıq yoluna nəzər salaraq, Azərbaycan kino və teatr məktəbinin formalaşmasında iştirak etdiyi mərhələlərdən bəhs edib, sənətin yalnız estetik deyil, həm də mənəvi məsuliyyət daşıdığını xüsusi vurğulayıb. O bildirib ki, səhnədə və ekran qarşısında qazanılan uğurun əsasında sənətə sədaqət, peşəyə hörmət və daim öz üzərində çalışmaq dayanır. Sənətkar iştirakçıların suallarını cavablandıraraq müxtəlif obrazların yaradılması prosesindən, aktyor sənətinin incəliklərindən və bu yolun daxili intizam tələb edən tərəflərindən söz açıb.
Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Samir Rzayev, tədbirin təşkilində iştirak edən diaspor fəalı Bella Salayeva çıxışlarında belə görüşlərin diaspor mühitində milli-mədəni yaddaşın qorunması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Bu cür görüşlərin Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri ilə canlı ünsiyyət üçün imkan yaratdığı və onun xaricdə daha geniş tanıdılmasına töhfə verdiyi vurğulanıb.
Səmimi və işgüzar mühitdə keçən görüşdə Fəxrəddin Manafov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

