ABŞ-ın Havay ştatında onilliklərdir fəaliyyət göstərən və yerli icmalardan olan tibb tələbələrinə dəstək göstərən federal proqram hüquqi mübahisənin mərkəzinə düşüb.
“Tehsil365” xəbər verir ki, Mühafizəkar yönümlü Do No Harm təşkilatı proqramın ayrı-seçkilik yaratdığını iddia edərək məhkəməyə müraciət edib.
Təşkilatın iddiasına görə, proqram müəyyən etnik və yerli qruplara üstünlük verərək digər namizədlərin hüquqlarını məhdudlaşdırır və bu səbəbdən ABŞ Konstitusiyasına ziddir. İddiaçılar təqaüd proqramının ləğv edilməsini və ya yenidən formalaşdırılmasını tələb edirlər.
Proqram isə artıq 35 ildir ki, Havay adalarında aztəminatlı və tibbi xidmətlərə çıxışı məhdud olan icmalardan gələn tələbələrə təhsil və maliyyə dəstəyi göstərir. Müdafiəçilər bildirirlər ki, təşəbbüsün əsas məqsədi regionda həkim çatışmazlığını aradan qaldırmaq və səhiyyə xidmətlərini daha əlçatan etməkdir.
Mütəxəssislər qeyd edirlər ki, bu iş ABŞ-da təhsil və sosial proqramlarda bərabərlik və inklüzivlik siyasətləri ilə bağlı daha geniş hüquqi müzakirələrə səbəb ola bilər. İşin nəticəsi oxşar təşəbbüslərin gələcəyinə də təsir göstərə bilər.

