Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “Gender rolları və cəmiyyət: ənənə ilə dayanıqlı inkişaf arasında balans” mövzusunda tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin rəhbərliyi, fakültə nəzdində bir neçə kafedranın əməkdaşları, Magistratura şöbəsinin əməkdaşları və fakültənin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Aida Yusifzadə iştirakçıları salamlayaraq məruzəçilərə uğurlar arzulayıb.
Daha sonra tədbirin moderatoru, Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Aysel Bağırova gender mövzusunun, xüsusilə müasir dövrdə ölkədaxili və beynəlxalq münasibətlər sistemində aktuallığını əsaslandırıb, bu istiqamətdə aparılan tədqiqat və araşdırmaların əhəmiyyətini vurğulayıb.
Tədbir məruzələrlə davam edib. Beynəlxalq münasibətlər kafedrasının müəllimi Əsmər Süleymanova “Gender rollarının tarixi və müasir cəmiyyətdə transformasiyası” mövzusunda çıxış edərək gender rollarının tarixi inkişaf xüsusiyyətlərini diqqətə çatdırıb.
Mövzunun daha geniş müzakirəsi məqsədilə növbəti məruzəçi, kafedranın müəllimi Pəri Əliyeva “Ənənə və gender bərabərliyi: toqquşma yoxsa uyğunlaşma?” mövzusunda çıxış edərək müxtəlif nəzəri yanaşmalar və apardığı sorğunun nəticələrinə əsasən daha çox uyğunlaşma meylinin müşahidə olunduğunu qeyd edib.
Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistrant Şəfiqə İbrahimli isə “Dayanıqlı inkişafda genderin rolu və gələcəyə baxış” mövzusunda çıxış edərək gender bərabərliyinin dayanıqlı inkişafa verdiyi töhfələri diqqətə çatdırıb.
Tədbir iştirakçıların sualları və müzakirələrdə aktiv iştirakı ilə yekunlaşıb.

