Bakı Mühəndislik Universitetinin (BMU) 15 nəfərdən ibarət müəllim-tələbə heyəti mübadilə proqramı çərçivəsində Özbəkistan Respublikasında səfərdə olub. Nümayəndə heyəti Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetində (TIFT) bir sıra akademik və praktiki tədbirlərdə iştirak edib.
“Tehsil365” xəbər verir ki, səfər çərçivəsində “Memarlıq” ixtisası üzrə müəllim və tələbələrin iştirakı ilə vörkşop və maket hazırlanmasına dair master-klass təşkil olunub. Tədbir zamanı BMU və TIFT tələbələri birlikdə çalışaraq memarlıq layihələri üzərində fikir mübadiləsi aparıblar.
Proqramın davamında nümayəndə heyəti Daşkənd və Səmərqənd şəhərlərində yerləşən tarixi, memarlıq irsi nümunələrini ziyarət ediblər.
Mübadilə proqramının bağlanış mərasimində BMU-nun müəllim və tələbələri sertifikatlarla təltif olunublar.
Məlumat üçün bildirək ki, ötən ilin əvvəlində hər iki universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd tədris, təhsil və elmi-tədqiqat fəaliyyətlərinə marağın artırılması, birgə layihələrin həyata keçirilməsi, akademik təşəbbüslərin hazırlanması və mübadilə proqramlarının reallaşdırılmasını əhatə edir.

