Almaniyanın Ştutqart şəhərində fəaliyyət göstərən Azərbaycan Evində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə anım tədbiri təşkil edilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə həftəsonu Azərbaycan məktəbinin müəllim və şagird heyəti, diaspor fəalları, Birinci Qarabağ müharibəsi şəhidi Şahin Nəcəfovun ailə üzvləri, həmçinin yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Baden-Vürttemberq əyalətinin Mədəniyyət, Gənclər və İdman Nazirliyinin müşaviri Mattias Volf, eləcə də alman və italyan ziyalılar da yer alıblar.
Ştutqart Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, bəstəkar Günay Mirzəyeva çıxış edərək, ədibin zəngin həyat yolu və çoxşaxəli yaradıcılığından bəhs edib. Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafındakı müstəsna xidmətlərini vurğulayan G.Mirzəyeva onun əsərlərində xalqımızın milli-mənəvi dəyərlərinin və tarixi keçmişinin yüksək ustalıqla təsvir olunduğunu bildirib. G.Mirzəyeva nənəsi, “Şöhrət” ordenli jurnalist Svetlana Mirzəyevanın öz müəllimi Mir Cəlal Paşayevlə bağlı xatirələrinə xüsusi yer ayırıb. O qeyd edib ki, böyük tələbə ordusu yetişdirmiş müdrik pedaqoq ana dilimizin saflığının qorunmasını və mükəmməl mənimsənilməsini hər bir azərbaycanlı üçün mənəvi borc sayır, tələbələrində yüksək vətəndaşlıq mövqeyi formalaşdırırdı. Ədibin həm bədii, həm də elmi irsi gənc nəslə həyati dəyərləri aşılayan mənəvi dərslikdir.
Ştutqartda yaşayan məktəbli, Avropa Parlamentinin gənclər səfiri Aida Vəliyeva Mir Cəlal Paşayevin yaradıcılığına dair maraqlı təqdimatla çıxış edib.
Baden-Vürttemberq federal əyalətinin Mədəniyyət, Gənclər və İdman Nazirliyinin müşaviri Mattias Volf isə belə maraqlı və çoxşaxəli yaradıcılığı olan yazıçı, pedaqoq və alimin xatirəsinə həsr olunmuş tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, ədibin bir sıra əsərlərini alman dilinə tərcümə etmək arzusunu xüsusilə ifadə edib.
Sonda tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət süfrə ətrafında fikir mübadiləsini davam etdiriblər

