Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 26-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Qax və Balakən rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.
“Tehsil365” in bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 7, Qaxda 3, Balakəndə isə 5 mərkəz olmaqla, ümumilikdə 15 bina ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3, 4 nömrəli, Aşağı Tala kənd 1 və 3 nömrəli tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Qax şəhər 2 nömrəli orta məktəb-liseydə, 4 və 5 nömrəli tam orta məktəblərdə, həmçinin Balakən şəhər 1, 3 nömrəli, Mahamalar və Hənifə kənd tam orta məktəblərdə, Texniki Humanitar təmayüllü liseydə təşkil olunub.
İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
DİM-in regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə 1665 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarəolunmasına 23 imtahan rəhbəri və 162 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 134 zal ayrılıb.
Qaxda keçirilən buraxılış imtahanında 625 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarəolunmasına 8 imtahan rəhbəri və 60 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 49 zal ayrılıb.
Balakən rayonunda keçirilən və 1110 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarəolunmasına isə 16 imtahan rəhbəri və 109 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 91 zal ayrılıb.
Buraxılış imtahanları 11:00-da başlayıb və 3 saat davam edib.
“Tehsil365” in bölgə müxbiri Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə keçirilən buraxılış imtahanının gedişi ilə tanış olub. Məktəbdəki imtahan zallarında şagirdlər üçün zəruri şərait yaradılıb. Ümumi imtahan rəhbəri Ramiz Həsənzadə bildirib ki, 230 şagirdin iştirak etdiyi imtahanın idarəolunmasına 3 rəhbər və 22 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün binada 18 zal ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb.

