24 aprel 2026-cı il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyinin Xaçmaz bölməsinin təşkilatçılığı ilə “LevelUp” Karyera Forumu keçirilib.
“Tehsil365” xəbər verir ki, Xaçmaz rayon 8 saylı tam orta məktəbdə keçirilən forumun əsas məqsədi gənclərin peşə seçimi və karyera planlamasına dəstək olmaq, onların əmək bazarının tələbləri barədə məlumatlılığını artırmaq, eyni zamanda şəxsi inkişaf istiqamətlərində düzgün yönləndirilməsini təmin etmək olub.
Tədbirin açılış hissəsində çıxış edən GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev gənclərin karyera inkişafının dəstəklənməsinin əhəmiyyətini vurğulayaraq, bu kimi təşəbbüslərin onların gələcək həyatına müsbət təsir göstərdiyini qeyd edib.
Daha sonra Xaçmaz şəhər 8 saylı tam orta məktəbin direktoru Nəzakət Mahmudova çıxış edərək rayonda gənclərin karyera planlamasına dəstək verən mövcud imkanlar barədə məlumat verib.
Forum çərçivəsində “Peşə seçimi və gələcək planlama” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirəsi Ceyhun Fərzəliyevin moderatorluğu ilə baş tutub. Aygün Şıxbabayeva, Vəfa Rüstəmova və Təranə Fərzəliyeva spiker qismində çıxış edərək peşə seçimi, əmək bazarının tələbləri və özünü tanıma istiqamətlərində öz bilik və təcrübələrini gənclərlə bölüşüblər.
Çıxışlarda vurğulanıb ki, uğurlu karyera quruculuğu üçün düzgün peşə seçimi, davamlı özünü inkişaf etdirmə və əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması əsas amillərdən hesab olunur.
Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və onlara gələcək karyera yolları ilə bağlı faydalı tövsiyələr təqdim olunub.

